REGİONLAR
Aşıq Ələsgər Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib
Astara, 3 noyabr, Bağır Əliyev, AZƏRTAC
Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizin bütün bölgələrində olduğu kimi, Astara rayonunda da Aşıq Ələsgərin 200 illik yubileyi təntənə ilə qeyd edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon Dövlət Rəsm Qalereyasında Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva Aşıq Ələsgərin Azərbaycan ədəbiyyatına töhfələri, habelə Türk dünyasının aşıq sənətinə təsiri haqqında danışıb. Qeyd olunub ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.
Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
Digər çıxış edənlər - Azərbaycan Rəssamlar İttifaqının üzvü, Fəxri mədəniyyət işçisi Firudin Quliyev, Azərbaycan Aşıqlar Birliyinin üzvü, aşıq Elxan Şindanlı, Rəsm Qalereyasının işçisi Ülviyyə Quliyeva Aşıq Ələsgər yaradıcılığının bədii məziyyətlərindən, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıblar.
Diqqətə çatdırılıb ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilib.
Vurğulanıb ki, Aşıq Ələsgərin ölkəmizdə və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş kimi yaşamaqdadır.
Aşıq Elxan Şindanlının ifa etdiyi mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbir iştirakçıları, həmçinin Rəsm Qalereyasında nümayiş etdirilən rəsm əsərləri ilə də tanış olublar.