İQTİSADİYYAT
Asiya İnfrastruktur İnvestisiya Bankı 509 milyon dollarlıq ilk kredit xətti ayırıb
Pekin, 24 iyun, AZƏRTAC
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası 4 layihəyə ümumilikdə 509 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Bu, cari ilin yanvarında fəaliyyətə başlayan AİİB-in ayırdığı ilk kredit xəttidir.
Bankın Pekindəki mənzil-qərargahından verilən məlumata əsasən, yuxarıda qeyd olunan vəsaitin 165 milyon dolları Banqladeşdə elektrik təchizatı sisteminin yenidən qurulması, 216,5 milyon dolları İndoneziyada şəhərsalma, 100 milyon dolları Pakistanda avtomagistral tikintisi və 27,5 milyon dolları Tacikistanda paytaxt Düşənbədən Özbəkistan sərhədinə qədər olan yolun genişləndirilməsi layihələrinə ayrılıb.
AİİB cari il ərzində 1 milyard dollar məbləğində kredit ayırmağı hədəfləyib.
Xatırladaq ki, Azərbaycanın da təsisçi-üzvü olduğu bank Asiya regionunda enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin