CƏMİYYƏT
Avropa Şurası və Avropa İttifaqı tərəfindən azərbaycanlı vəkillər və hüquq müdafiəçiləri üçün təlim təşkil edilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Avropa Şurası (AŞ) azərbaycanlı vəkillər və hüquq müdafiəçiləri arasından 20 nəfərə Avropa İnsan Hüquqları Konvensiyası (AİHK), Yenidən Baxılmış Avropa Sosial Xartiyası (ASX) və xüsusilə ayrı-seçkiliyin qadağan olunması istiqamətində mövcud olan Avropa standartları ilə bağlı təlim keçmişdir.
AŞ-nin Azərbaycandakı ofisindən AZƏRTAC-a bildirmişlər ki, üç sessiyadan ibarət təlimin sonuncu dördgünlük sessiyası fevralın 20-dən 23-dək Avropa otelində keçirilmişdir.
Təlimdə iştirak etmək üçün 20 vəkil və insan hüquqları müdafiəçisi cəlb olunmuşdur. Onlar da öz təcrübələrini 2014-cü ilin martından etibarən keçiriləcək mərhələli təlimlər vasitəsilə digər həmkarları ilə paylaşacaqlar. Yeni hazırlanmış və sertifikatlarla təltif olunmuş təlimçilər Avropa İttifaqı və Avropa Şurasının birgə layihəsi başa çatdıqdan sonra da digər hüquqşünaslar üçün təlim proqramlarını davam etdirəcəklər.
AŞ-nin Azərbaycandakı Ofisinin rəhbəri vəzifəsini icra edən Teymur Məlikaslanov bildirmişdir: “Bu, vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması ilə bağlı həyata keçirilən layihə çərçivəsində ən əhəmiyyətli proqramlardan biridir. İnanıram ki, bu təlim proqramında iştirak edən vəkillər və hüquq müdafiəçiləri bilik və məlumatlardan əhəmiyyətli dərəcədə yararlanmışlar, bu bilik və məlumatları, gələcək aylarda həyata keçiriləcək mərhələli təlimlər vasitəsilə digər həmkarları ilə paylaşacaqlar”.
Azərbaycan Respublikasının Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov tədbirlə bağlı fikirlərini bölüşərək proqramı çərçivəsində hazırlanmış təlimçi vəkillərin Ədliyyə Akademiyasında Avropa Konvensiyasının tədrisinə töhfə verəcəklərinə ümidvar olduğunu bildirmişdir.
Tədbir Avropa Şurasının Avropa İttifaqı ilə birgə reallaşdırdığı “Avropa İnsan Hüquqları Konvensiyası və Yenidən Baxılmış Avropa Sosial Xartiyasının yerli səviyyədə icra olunması ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması” layihəsi çərçivəsində həyata keçirilir. Bu regional layihənin 2013-2015-ci illərdə Azərbaycan, Ermənistan, Moldova, Gürcüstan, Rusiya və Ukraynada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Akademiyası bu layihə üzrə əsas yerli tərəfdaş təşkilatdır.