DÜNYA
Avstriya parlamentində yeni sədarət seçilib
Vyana, 24 oktyabr, AZƏRTAC
Növbədənkənar parlament seçkilərindən sonra Avstriya parlamentinin ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda parlament üzvlərinin andiçmə mərasimindən sonra yeni sədarət seçilib. Seçkilərdə əvvəlki legislativ dövrdə parlamentin sədri olmuş Volfqanq Sobotka (Avstriya Xalq Partiyası) parlamentin Prezidenti vəzifəsinə yenidən təsdiqlənib; 183 deputatın 87,7 faizi onun bu vəzifəni davam etdirməsinə tərəfdar olub.
Parlamentin ikinci Prezidenti (sədrin birinci müavini) vəzifəsinə Doris Bures (Avstriya Sosial-Demokratlar Partiyası) təsdiqlənib. Onun namizədliyini deputatların 83 faizi, üçüncü Prezident Norbert Hoferin (Avstriya Azadlıq Partiyası) namizədliyini isə 74,1 faizi dəstəkləyib.
Parlamentin ilk iclasında, həmçinin komitələrə seçkilər keçirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana