İQTİSADİYYAT
AVSTRİYA VƏ AZƏRBAYCAN İŞ ADAMLARININ İKİTƏRƏFLİ GÖRÜŞLƏRİ
Dövlət Neft Şirkətinin nümayəndəsi Eldar Şahbazovun sözlərinə görə, Avstriya dünyanın inkişaf etmiş və qabaqcıl texnologiyalara malik dövlətlərindən biridir. Avstriyalı dostlarımız Azərbaycanın neft ölkəsi olduğunu yaxşı bilirlər. Onlara qeyri-neft bölməsini inkişaf etdirmək məqsədimiz barədə məlumat verdik. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə dediyi bu fikri xatırlatdıq ki, qeyri-neft bölməsinin inkişafı bizim əsas vəzifəmizdir. Əlbəttə, bu zaman neft sənayesinin inkişafı unudulmur. Ona görə də ABB AG şirkətinin təmsilçiləri ilə ölkəmizdə neft emalı sənayesinin təkmilləşdirilməsi, bu sahədə məsləhət xidməti göstərilməsi barədə söhbət apardıq, müəyyən razılaşmalarımız oldu. Bu biznes-forumda dünya şöhrətli şirkətlə əməkdaşlığımızın əsası qoyulacaqdır.
İkitərəfli görüşlərdə təmsil olunan Avstriya müəssisələri artıq MDB ölkələrində, Pribaltikada, Rumıniyada iş təcrübəsinə malikdirlər. Onları Azərbaycanın coğrafi vəziyyəti çox maraqlandırır. Avstriyalı iş adamları azərbaycanlı tərəfdaşları ilə görüşlərdə ölkəmiz vasitəsilə region dövlətlərinə çıxmaq istəklərini gizlətməmişlər. Azərbaycanla iş birliyinə gəldikdə isə, ABB AG konserni istilik və elektrik enerjisi istehsalı, su təchizatı, dəmir yolu çəkilişi sahəsinə maraq göstərir.
DIPL.ING. STEFAN LANDAU firması Rabitə və İnformasiya Texnologiyaları, Mədəniyyət nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, özəl teleşirkətlər, Dövlət Akademik Milli Dram Teratrı, Opera və Balet Teatrı ilə əlaqələrdə maraqlıdır.
HABASIT firmasının nümayəndələri qida, poliqrafiya və toxuculuq sənayesi sahəsində tərəfdaşlar tapmaq niyyətindədir.
SCHALLER LEBEN SMİTTELTECHNİK GMBH firması qida məhsullarının istehsalçıları, ROXEL Handelsges.m.b.H. şirkətlər qrupunun təmsilçiləri isə nəşriyyat nümayəndələri ilə müzakirələr aparmışlar.
Əməkdaşlıq və tərəfdaşlıq barədə razılaşmalar İqtisadi İnkişaf Nazirliyinin müvafiq departamentinə təqdim ediləcəkdir.