MƏDƏNİYYƏT
Azərbaycan 10-cu Qara Dəniz Turizm Forumunda təmsil olunub
Sofiya, 3 oktyabr, AZƏRTAC
Bolqarıstanın Turizm Nazirliyi, Varna Bələdiyyəsi və Varna Turizm Palatası tərəfindən təşkil edilən 10-cu Qara Dəniz Turizm Forumunda bu ölkənin 16 bələdiyyəsi və bir sıra xarici ölkələrlə yanaşı, Azərbaycan da təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Varna şəhərində keçirilən “Yerli mənsubiyyət və qlobal turizm” adlı forumda Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizin turizm potensialı təqdim edilib və respublikamız sərgidə milli stendlə təmsil olunub. Təqdimat zamanı Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, ənənələri, mətbəxi, respublikada keçirilmiş mötəbər beynəlxalq tədbirlər, ölkəmizin turizm infrastrukturu, mövcud turizm marşrutları və turistlər üçün yaradılmış şərait barədə məlumat verilib. Milli stenddə Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş olunub, tədbir iştirakçılarına ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlar və suvenirlər paylanılıb. Stenddə, həmçinin Azərbaycan istehsalı olan nar şirəsi və şərabların dequstasiyası, milli şirniyyatların təqdimatı keçirilib. Tədbirin açılışında iştirak edən Bolqarıstanın turizm nazirinin müavini Milko Teofilov və Varna merinin müavini Kosta Bazitov Azərbaycan stendini ziyarət ediblər, ölkəmizin mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıblar.
Tədbirin sonunda forumda fəal iştiraka görə Azərbaycanın Bolqarıstandakı səfirliyi diplomla təltif edilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya