MƏDƏNİYYƏT
Azərbaycan Aşıqlar Birliyində görüş
Bakı, 23 noyabr, AZƏRTAC
Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Türküstan kafedrasının professoru Amantay Şəriflə Azərbaycan Aşıqlar Birliyində (AAB) görüş olub.
Bu barədə AZƏRTAC-a AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.
Bildirilib ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı görüşdə əsasən türk xalqlarının ortaq mədəniyyətindən, ozan-aşıq sənətinin tarixindən və keçdiyi təşəkkül yolundan söhbət açıb. Professor Məhərrəm Qasımlı qonağa Azərbaycan aşıq sənətinin özünəməxsus özəllikləri, Azərbaycan Aşıqlar Birliyinin yaranması tarixi və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib.
Aşıq sənəti ayrı-ayrı türk xalqlarında müxtəlif cür adlansa da əslində, eyni kökə bağlılığı vurğulanıb, həm tədqiqatçıların, həm də sənətkarların yaradıcılıq əlaqələrinin genişləndirilməsinin vacibliyi diqqət önünə gətirilib.
Qazaxıstanlı qonaq, aşıqlardan Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı və Şahniyar Mikayıloğlunun ifasında müxtəlif aşıq havalarını dinləyib, eyni zamanda, həmin ifaları lentin yaddaşına köçürüb.
Sonda hörmətli qonağa AAB-nin nəşri olan qiymətli kitablar və ustad aşıqlarından ifalarından ibarət video və audiodisklər hədiyyə olunub.