SİYASƏT
Azərbaycan Danimarkada keçirilən mədəniyyət festivalında təmsil olunmuşdur
Bakı, 26 may (AZƏRTAC). Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti bu ölkənin Helsinqor şəhərində keçirilən mədəniyyət festivalında iştirak etmişdir.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, ildə bir dəfə təşkil olunan festivalda Danimarkada yaşayan ayrı-ayrı xalqların nümayəndələri iştirak etmişlər. Hər bir xalqın nümayəndələri öz mədəniyyətini, incəsənətini, milli geyim və mətbəxini nümayiş etdirmişlər.
“Vətən” Cəmiyyətinin nümayəndələri Azərbaycan incəsənətinə aid kitab, broşür, milli geyim nümunələri və Azərbaycan mətbəxinə aid şirniyyatları festival iştirakçılarına təqdim etmişlər. “Cırtdan” uşaq yaradıcılıq qrupunun hazırladığı Azərbaycan nağıllarından parçalar və rəqslər qonaqlara xüsusi zövq vermişdir. Festivalın sonunda “Cırtdan” uşaq yaradıcılıq qrupuna təşkilatçılar adından hədiyyələr təqdim edilmişdir. Azərbaycan rəqsləri şənliyə xüsusi gözəllik vermişdir.
Ümumiyyətlə, mədəniyyət festivalında Azərbaycan guşəsi iştirakçıların böyük marağına səbəb olmuşdur.