CƏMİYYƏT
Azərbaycan diasporu Murmansk həkimlərinə hədiyyə edib
Bakı, 2 may, AZƏRTAC
Rusiyanın Murmansk vilayətinin Azərbaycan diasporu “Həkimlərə təşəkkür” şüarı altında keçirilən Ümumrusiya aksiyasına qoşulub. “Azərbaycan mədəniyyət mərkəzi” ictimai təşkilatının sədri Afil Hüseynov və onun müavini Hüseynəli Hüseynov “Yedinaya Rossiya” Partiyasının könüllüləri mərkəzinin və Ümumrusiya Xalq cəbhəsinin könüllüləri və Murmansk vilayət dumasının deputatı Yuri Şadrinlə birgə Kola Rayon Mərkəzi Xəstəxanasının tibb işçilərinə 125 min Rusiya rublu məbləğində 1200 kiloqram təzə meyvə və tərəvəz hədiyyə ediblər. Məhsullar bir mikroavtobusa yığılaraq “Yedinaya Rossiya” Partiyasının könüllüləri mərkəzinin keçirdiyi #SpasiboVraçam (“Həkimlərə təşəkkür”) aksiyası çərçivəsində xəstəxanaya gətirilib. Bizim həmyerlilərimiz olan Hüseynov qardaşları xəstəxananın həkimlərinə və bütün tibbi heyətə onların koronavirus infeksiyaya qarşı mübarizəyə yönəlmiş fədakar əməyinə görə təşəkkür ediblər.
Murmansk vilayətindəki “Azərbaycan mədəniyyət mərkəzi” ictimai təşkilatının və RAGB-nin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, azərbaycanlıların milli mədəni birliyi - regionda ən fəal qurumlardan biridir. Pandemiyanın mürəkkəb dövründə Azərbaycan diasporu kənarda qalmayıb. Məsələn, onlar yaşlı insanlarla işləyən könüllülərin isti yeməklə təmin olunmasını təşkil edirlər. Bu gün həkimlər risk zonasında, necə deyərlər, ön cəbhədədirlər. Onların şimal sakinlərinin dəstəyinə çox ehtiyacı var. Keçən həftə mədəniyyət mərkəzinin nümayəndələri könüllülərə müraciət edərək, indi koronavirus infeksiyasına qarşı mübarizənin ön cəbhəsində olanlara kömək göstərməyi təklif ediblər. Əməkdaşlıq məsələləri müzakirə ediləndən sonra Kola Rayon Mərkəzi Xəstəxanasına vitaminli humanitar yük göndərmək qərara alınıb.
“Yedinaya Rossiya” Partiyasının Rusiya Federasiyasının Murmansk vilayətində İctimai qəbul otağının sədri Yuri Şadrin deyib: “Moldovanı, Azərbaycanı və başqa regionları təmsil edən milli-mədəni mərkəzlər, ictimai təşkilatlar könüllülərə kömək edir, onlar üçün qida məhsulları gətirir, həmçinin onları isti yeməklə təmin edirlər”.
Murmansk vilayətindəki “Azərbaycan mədəniyyət mərkəzi” ictimai təşkilatının sədrinin müavini Hüseynəli Hüseynov Kola Rayon Mərkəzi Xəstəxanasının kollektivinə müraciətlə deyib: “Koronavirus pandemiyası bizim ümumi bədbəxtliyimizdir. Siz öz üzərinizə ciddi zərbə götürmüsünüz və bu vəziyyətdə sizin əməyiniz qiymətsizdir. Sizin qarşınızda baş əyirik! Biz sizə minnətdarlıq əlaməti olaraq 1 ton 200 kiloqram təzə meyvə, tərəvəz, şoraba və təbii şirə gətirmişik. Ümid edirik, bu sizin immunitetinizi möhkəmlətməyə kömək edəcək.
Kola Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Aleksandr Voxminov göstərilmiş köməyə görə xəstəxananın tibb işçiləri adından Azərbaycan diasporunun nümayəndələrinə, “Yedinaya Rossiya” Partiyasının və Ümumrusiya Xalq Cəbhəsinin könüllülər mərkəzinə təşəkkürünü bildirərək deyib: “Çətin dövr başlanıb, amma kollektivimiz var gücü ilə işləyir, biz əlimizdən gələni edirik. Müəyyən problemlər var, amma biz onları həll edirik. Sağ olun ki, bizi sözlə də, əməli işlə də dəstəkləyirsiniz. Bu, həqiqətən, çox xoşdur”!
Kola Rayon Mərkəzi Xəstəxanası aprelin 10-dan etibarən öz profilini tamamilə dəyişərək pnevmoniyanın xəstəxanadankənar müalicəsi üzrə ixtisaslaşır. Xəstəxananın personalı pasiyentlərlə iş üçün zəruri vasitələrlə təchiz edilmişdir. Bu günlərdə terapevt və anestezioloq-reanimatoloq həkimlər xüsusilə gərgin rejimdə işləməli olurlar.