REGİONLAR
Azərbaycan dili xalqımızın varlığının təzahürü, milli sərvətimizdir
Naxçıvan, 3 noyabr, AZƏRTAC
Dil hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər övladlarının qeyd-şərtsiz qəbul etdiyi həqiqətdir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirləri “Naxçıvan” Universitetində “Bədii ədəbiyyatda ana dilimizin tərənnümü” mövzusunda keçirilən elmi konfransda çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva səsləndirib.
Dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu vurğulayan Nurlana Əliyeva qeyd edib ki, xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür.
“Poetik əsərlərin dilində ana dilinin tərənnümü” mövzusunda çıxış edən professor Sədaqət Həsənova bildirib ki, dil insanlar arasında ünsiyyət vasitədir. Azərbaycan dili də dünya dilləri içərisində bir ünsiyyət vasitəsi kimi öz yerini qoruyub saxlayıb. Məşhur şəxsiyyətlər Azərbaycan dilinə həmişə yüksək qiymət veriblər.
Dosent İman Cəfərli “Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələsi” mövzusunda çıxışında deyib ki, Cəlil Məmmədquluzadə öz yaradıcılığında ədəbi dillə xalq dilinin vəhdətinə nail olmaq işində əsl inqilaba imza atmış qüdrətli sənət adamıdır. Faktlar deməyə əsas verir ki, Mirzə Cəlil tarixin ən çətin dövrlərində belə, dil probleminin həllinə ciddi önəm verib.
Sonda mövzu ilə bağlı diskussiyalar aparılıb, suallar cavablandırılıb.