MƏDƏNİYYƏT
Azərbaycan filmi “Nadejda” I Sankt-Peterburq Beynəlxalq kinofestivalında 1-ci yerə və baş mükafata layiq görülmüşdür
Bakı, 14 dekabr (AZƏRTAC). Dekabrın 9-dan 13-dək Sankt-Peterburqdakı insan haqları üzrə müvəkkilin təşəbbüsü, Sankt-Peterburq kinematoqrafiya İttifaqının və “ALEKO” mədəni-maarif kinoteatr mərkəzi” QHT-nin təşkilatçılığı ilə “Nadejda” I Sankt-Peterburq Beynəlxalq kinofestivalı keçirilmişdir.
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dünyada analoqu olmayan kinofestivalda nəinki peşəkar kinematoqrafçıların, habelə islah əmək müəssisələrində cəza çəkən qeyri-peşəkarların filmləri də nümayiş etdirilmişdir. Festival Rusiya və xarici rəsmi şəxslər və təşkilatlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbirdə Rusiya Federasiya Şurasının sədri V.Matviyenko, BMT Ali Komissarı, RF insan haqları üzrə müvəkkil V.Lukin, RF İctimai Palata, Sankt-Peterburq qubernatoru G.Poltavçenkonun festival iştirakçılarına təbrik teleqramları səsləndirilmişdir.
“Nadejda” kinofestivalın münsiflər heyətində tanınmış mədəniyyət və incəsənət xadimləri Aleksandr Sokurov, Vladimir Menşov, Yelena Drapeka, Dmitriy Mesxiyev, Nelli Xrustaleva, Georqi Ştil, Anastasiya Melnikova, Mixail Kurayev və başqaları təmsil olunmuşdur.
Festivalın təşkilat komitəsinə RF regionlarından və bir çox xarici ölkələrdən: Fransa, Polşa, Azərbaycan, Finlandiya, Niderland, Sloveniya, İndoneziya, Türkiyə, Litva, Ukrayna və digər dövlətlərdən ümumilikdə 220 film təqdim edilmişdir.
Dekabrın 13-də “Nadejda” I Sankt-Peterburq Beynəlxalq kinofestivalı laureatlarının təqdimat mərasimi keçirilmişdir. Azərbaycanda “Narimanfim” kinostudiyasının istehsal etdiyi “Sahə” bədii filmi birinci yeri qazanmış və baş mükafata layiq görülmüşdür.
“Nadejda” Sankt-Peterburq Beynəlxalq kinofestivalı ənənəvi olaraq hər il keçiriləcəkdir.