MƏDƏNİYYƏT
Azərbaycan hərbi münaqişə vəziyyətində Dünya Mədəni İrs Siyahısına daxil olan iki obyektə “gücləndirilmiş müdafiə” statusunun verilməsi ilə bağlı UNESCO-ya sorğu göndərmişdir
Bakı, 16 dekabr (AZƏRTAC). Azərbaycandan UNESCO-nun Mədəni Dəyərlərin Müdafiəsi Komitəsinə hərbi münaqişə baş verəcəyi təqdirdə Dünya Mədəni İrs Siyahısındakı iki obyektə “gücləndirilmiş müdafiə” statusunun verilməsi ilə bağlı sorğu göndərilmişdir.
AZƏRTAC xəbər verir ki, bunlar “Şirvanşahlar Sarayı Kompleksi” və Qız qalasının yerləşdiyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq və Qobustan Dövlət Tarixi-Bədii qoruqlarıdır. Komitə əlavə informasiya toplamaq üçün bu sorğunu iştirakçı ölkələrə göndərmişdir.
Dekabrın 15-də UNESCO-nun mənzil-qərargahında keçirilmiş iclasda Litvadakı Kyarnave arxeoloji abidəsinə analoji status verilmişdir.
“Gücləndirilmiş müdafiə” statusu hərbi münaqişələr dövründə mədəniyyət abidələrinin müdafiəsinə dair 1954-cü il Haaqa Konvensiyasının 1999-cu ildə qəbul olunmuş ikinci Protokolunun əsas xüsusiyyətlərindən biridir. Bu status üç şərt əsasında - abidə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb etdiyi, yerli hakimiyyət orqanları tərəfindən lazımi qaydada mühafizə olunduğu və hərbi məqsədlər üçün istifadə edilmədiyi təqdirdə verilir.