İDMAN
AZƏRBAYCAN İDMANÇISI HOLLANDİYADA ATÇILIQ İDMANI ÜZRƏ İRİ TURNİRİN FİNALINA ÇIXMIŞDIR
Hollandiyada atçılıq idmanı üzrə “A” kateqoriyalı iri beynəlxalq turnir keçirilir. Bu yarışlar öz reytinqinə görə dünyada dördüncü, Avropada isə ikinci yeri tutur. Turnirdə Olimpiya oyunlarının qalibləri, dünya və Avropa çempionları mübarizə aparırlar.
Ölkəmizi yarışlarda Azərbaycan atçılıq idmanı məktəbinin yetirməsi Camal Rəhimov təmsil edir. Azərbaycan Atçılıq İdmanı Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, avqustun 16-da 120 jokeyin iştirakı ilə keçirilmiş konkur yarışlarında finala çıxan 20 idmançı arasında həmyerlimiz də var. Federasiyada demişlər ki, iki atla çıxış edən Camal Rəhimov 135 sm və 145 sm hündürlükdə maneələri dəfetmə yarışlarında da mübarizə aparır.
Qeyd edək ki, gərgin mübarizə şəraitində keçən bu mötəbər turnirdə bir çox tanınmış atçaparlar artıq öz çıxışlarını dayandırmışlar.