SİYASƏT
AZƏRBAYCAN İLƏ AVSTRİYA ARASINDA DİPLOMATİK MÜNASİBƏTLƏR QURULMASININ 10-CU İLDÖNÜMÜ QEYD OLUNMUŞDUR
1992-ci il yanvarın 15-də Azərbaycan Respublikasının müstəqilliyi Avstriya tərəfindən tanınmış və həmin il fevralın 20-də iki dövlət arasında diplomatik münasibətlər qurulmuşdur. Ölkəmizin Avstriyadakı səfirliyi bu əlamətdar hadisənin 10-cu ildönümünün qeyd olunması münasibətilə Vyanada rəsmi qəbul təşkil etmişdir. Tədbirdə ATƏT-in parlament assambleyasının növbəti iclasında iştirak etmək üçün Vyanada səfərdə olan respublikamızın Milli Məclisinin deputatları, Avstriya parlamentinin bir çox nümayəndələri, müxtəlif dövlət və hökumət idarələrinin rəhbər vəzifəli şəxsləri, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin təmsilçiləri, Avstriyada akkreditə olunmuş xarici ölkələrin səfirləri, Azərbaycan icmasının üzvləri iştirak etmişlər.
Rəsmi qəbulda Azərbaycanın Avstriyadakı səfiri Vaqif Sadıqov çıxış etmişdir.
Elə həmin gün ölkəmizin Vyanadakı səfirliyində Avstriya kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.