SİYASƏT
Azərbaycan ilə Hindistan arasında tarixi köklərə söykənən dostluq əlaqələri mövcuddur
Bakı, 17 iyun (AZƏRTAC). İyunun 17-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun və Azərbaycan Gənc Diplomatlar Birliyinin (AGDB) birgə təşkilatçılığı ilə “Auditoriyada səfirdir” layihəsi çərçivəsində 5-ci görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən bakalavr, magistr, doktorantlar, dövlət və özəl qurumların gənc əməkdaşları iştirak etmişlər.
Layihə çərçivəsində gənc diplomatların qonağı Hindistan Respublikasının Azərbaycandakı səfiri Vinod Kumar olmuşdur.
AGDB-nin baş katibi Eltun İbrahimov tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, ilin əvvəlindən başlanan layihə çərçivəsində artıq bir neçə ölkənin səfirləri və tanınmış iş adamları ilə görüşlər keçirilmişdir. Həmçinin bir neçə ölkənin səfirləri və iş adamları ilə görüşə dair razılıq əldə olunmuşdur.
Eltun İbrahimov bildirmişdir ki, AGDB iyul ayı ərzində Qazaxıstan Respublikasında TürkPA ilə birgə böyük bir beynəlxalq layihə həyata keçirməyi planlaşdırır. Bu layihə türkdilli ölkələrin gəncləri, xüsusilə də Qazaxıstan və Azərbaycan gəncləri arasında böyük bir şəbəkənin yaranmasına təkan verəcəkdir. Məqsəd bu ölkələrdə Azərbaycan həqiqətlərinin və zəngin mədəni dəyərlərin geniş təbliğinə, ölkələrimizi və xalqlarımızı bir-birinə bağlayan dəyərlərin önəmliliyini və regional inkişafın birgə əməkdaşlıq resurslarından maksimum yararlanmağın zəruriliyini ictimaiyyətə çatdırmaq və geniş gənclər auditoriyasında müzakirə etməklə dostluq əlaqələrinin inkişafına töhfə verməkdir.
Görüşdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar bildirmişdir ki, xalqlarımız arasında dərin tarixi köklərə söykənən böyük dostluq əlaqələri mövcuddur. Diplomat sözünə davam edərək demişdir: “Bizim bu gün Azərbaycan ilə mədəni, iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələrimiz vardır. Ümumiyyətlə, Hindistanda tələbələrin bilik səviyyəsi çox yüksəkdir. Təmsil etdiyim ölkədə xeyli sayda texnoloji universitetlər mövcuddur. Buna məşhur “Microsoft” şirkətinin əsas mərkəzinin Hindistanda yerləşdiyini misal göstərə bilərəm. Təbii ki, Azərbaycanda da bu kimi yüksək texnoloji universitetlər vardır”.
Tədbirin moderatoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov səfirə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində bakalavr, magistr, doktorantlar, dövlət və özəl qurumların gənc əməkdaşları ilə görüşə razılıq verdiyinə görə təşəkkürünü bildirmişdir.
Görüşə sual-cavab əsasında yekun vurulmuşdur.