SİYASƏT
Azərbaycan ilə UNICEF arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur
Bakı, 9 iyun (AZƏRTAC). İyunun 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev ölkəmizdə fəaliyyət müddəti başa çatmaqda olan UNICEF-in nümayəndəsi Mark Herevardla görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə UNICEF ilə Azərbaycan arasında yaradılan işgüzar faydalı əməkdaşlıqdan, uşaq hüquqları, sağlamlıq və təhsil sahələrində həyata keçirilən proqramlardan bəhs edilmişdir.
Baş nazirin müavini Elçin Əfəndiyev Mark Herevarda Azərbaycandakı səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirmiş və Afrika ölkəsinin regional nümayəndəliyinə direktor müavini təyin olunması münasibətilə onu təbrik etmiş, gələcək fəaliyyətində uğurlar diləmişdir.
Görüşdə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Rəşid Mustafa iştirak etmişdir.