İQTİSADİYYAT
Azərbaycan məhsulları “KazBuild 2018”də “Ən yaxşı debüt” mükafatına layiq görülüb
Bakı, 10 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizin inşaat və tikinti materialları məhsulları sentyabrın 4-6-da Qazaxıstanın Almatı şəhərində keçirilən "KazBuild 2018" inşaat və tikinti materialları sərgisində nümayiş olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xarici şirkətlərin və sərgi ziyarətçilərinin böyük marağına səbəb olan Azərbaycan məhsulları "Ən yaxşı debüt" mükafatına layiq görülüb. Azərbaycan məhsullarının yüksək zövq və peşəkarlıqla hazırlanmış stenddə təqdimatına görə AZPROMO sertifikatla mükafatlandırılıb.
"KazBuild 2018" çərçivəsində Azərbaycanın inşaat və tikinti şirkətlərinin nümayəndələri xarici şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib, potensial müştərilərlə məhsulların ixracına dair müzakirələr aparıb, əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, tikinti materiallarının istehsalı ilə məşğul olan Azərbaycanın "FƏXRƏDDİN - K" MMC şirkəti Qazaxıstanın Almatı və digər regionlarında fəaliyyət göstərən tikinti şirkətləri ilə aparılan danışıqlarda şirkətin məhsullarının Qazaxıstanda satışına dair ilkin razılıqlar əldə edib.
Sərgidə Azərbaycanın "NB Group" şirkətinin məhsullarına Qazaxıstanın "OBI Hipermarket" şəbəkəsi tərəfindən ciddi maraq göstərilib və məhsulların bu marketlərdə satışına dair müzakirələr aparılıb. Bundan başqa, Azərbaycanın "Semsan" şirkəti Qazaxıstanda və Rusiyada fəaliyyət göstərən tikinti şirkətləri ilə, həmçinin Polşadan və Özbəkistandan olan topdansatış şirkətləri ilə ixraca dair müzakirələr aparıb. Sərgi çərçivəsində Sumqayıt Texnologiyalar Parkı ilə Qırğızıstan, Tacikistan və Qazaxıstandan olan 4 şirkət arasında ixraca dair ilkin razılıq əldə olunub. Həmçinin Azərbaycanın "Caspi Marine Technologies" şirkəti ilə Qazaxıstan şirkəti arasında gəmi boyası və döşəmə örtüyü üçün 300 min ABŞ dolları dəyərində sifariş alınıb. Bu məhsulların ixracı oktyabr ayında həyata keçiriləcək.
"KazBuild 2018" sərgisi Azərbaycan inşaat və tikinti materialları məhsullarının "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edildiyi ilk beynəlxalq sərgi olub.