ELM VƏ TƏHSİL
AZƏRBAYCAN MƏKTƏBLƏRİNDƏ FRANSIZ DİLİ TƏDRİSİNİN VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR
İnstitutun direktoru İsa Məmmədov tədbiri açaraq bildirdi ki, Azərbaycanın dünya birliyinə belə sürətlə inteqrasiya etməsi ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti sayəsində mümkün olmuşdur. Azərbaycanın genişlənməkdə olan beynəlxalq əlaqələri xarici dillərdə sərbəst danışa bilən kadr potensialı hazırlanmasını tələb edir. Y.Məmmədov demişdir: “İngilis dilinin beynəlxalq dil kimi hamı tərəfindən qəbul edilməsi başqa dillərə marağın zəifləməsi demək deyildir. Fransa dünyanın ən inkişaf etmiş ölkələrindən biridir və Fransa cəmiyyətinin topladığı təcrübəni yalnız fransız dilini öyrənməklə əxz etmək olar”.
O xatırlatdı ki, Fransa səfirliyinin xətti ilə hər il bu ölkəyə Azərbaycandan 1-2 tələbə təhsil almağa gedir, TEMPUS-TASİS proqramı çərçivəsində isə fransız dili fakültəsinin avadanlıqla təchiz olunmasına 3 milyon avro xərclənmişdir.
Respublika təhsil nazirinin müavini Elmar Qasımov çıxışında xarici dillərin inkişafı sahəsində dövlət siyasətindən danışdı. O, Azərbaycana marağın günbəgün artdığını vurğulayaraq bildirdi ki, son ildə respublika ali məktəblərinə daxil olmuş əcnəbilərin sayı 1850-dən 2400-ə çatmışdır. E.Qasımov respublikamızla mədəni əlaqələrin inkişafı sahəsində ABŞ, Almaniya, Böyük Britaniya, İsrail və Misir səfirliklərinin fəaliyyətini xüsusi qeyd etdi.
Sonra çıxış edən Fransanın ölkəmizdəki səfiri xanım Şantal Puare dedi ki, səfirlik bu ildən etibarən Azərbaycan ali məktəblərinin xüsusi fərqlənən tələbələri üçün təqaüdlər ayırmışdır, ən yaxşı məzunlar isə Fransaya pulsuz kurslara göndəriləcəkdir. Onun sözlərinə görə, gənc müəllimlərə və ali məktəblərin sonuncu kurs tələbələrinə xüsusi yardım göstəriləcəkdir. O vurğuladı ki, biz məktəblərə hələ lazımi qədər diqqət yetirmirik və zənn edirəm ki, yaxın vaxtlarda vəziyyət dəyişəcəkdir.
Çıxış edən məktəb müəllimləri müasir tələblərə cavab verən lüğətlərin olmamasını, tədris vəsaitlərinin qıtlığını, müəllimlərin metodik hazırlığının zəifliyini fransız dilinin tədrisi sahəsində əsas problemlər kimi vurğuladılar.
Seminarda YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının məsul katibi, səfir Ramiz Abutalıbov və digər şəxslər iştirak edirdilər.