İDMAN
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar görülən işlər və təşkilatın Nizamnaməsində dəyişikliklərin təsdiq olunması məsələləri müzakirə edilib.
AMPK-ın baş katibi Kamal Məmmədov məruzə ilə çıxış edərək avqustun 25-dən sentyabrın 6-dək Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıq prosesində Komitənin gördüyü işlər haqqında məlumat verib.
Komitənin maliyyə-təsərrüfat şöbəsinin müdiri Afər Məhərrəmov gündəlikdə duran digər məsələ - AMPK-nın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi barədə məlumat verib. Bildirib ki, Nizamnaməyə dəyişiklik və əlavələr olunarkən Beynəlxalq Paralimpiya Komitəsinin tələbləri nəzərə alınıb.
Müzakirələrdən sonra AMPK-nın Nizamnaməsinə əlavə və dəyişikliklər səsə qoyularaq təsdiqlənib. Sonra təşkilati məsələlərə baxılıb. Səsverməsi nəticəsində AMPK-nın birinci vitse-prezidenti Natiq Qasımov vəzifədən azad edilib. Vitse-prezident vəzifəsinə Yaşar Hacıyev seçilib.
Yığıncaqda qurumun İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. Səsvermə nəticəsində İlqar Rəhimov, İlham Zəkiyev, Yaşar Hacıyev, Kamal Məmmədov, Afaq Sultanova, Vüsalə Kərimova, Sadıx Sadıxov, Aydın Məmmədov, Səmyar Abdullayev, Mehman Kərimov və Səlhət Abbasova İcraiyyə Komitəsinə üzv seçiliblər.