SİYASƏT
Azərbaycan ordu quruculuğu sahəsində böyük nailiyyətlər əldə etmişdir
Bakı, 27 iyun (AZƏRTAC). Azərbaycanın Türkiyədəki səfirliyi Silahlı Qüvvələrimizin yaranmasının 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Türkiyə Respublikasının müdafiə naziri İsmət Yılmaz, qardaş ölkənin dəniz qüvvələri komandanı, ordu generalı Rəcəb Bülent Bostanoğlu və Türkiyənin jandarm qüvvələri komandanı, ordu generalı Sərvət Yörük başda olmaqla ümumilikdə silahlı qüvvələrin 19 generalı, Türkiyə Böyük Millət Məclisinin üzvləri, ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri, hərbi atteşelər və beynəlxalq təşkilatların təmsilçiləri, elm və mədəniyyət xadimləri, Ankarada təhsil alan kursantlarımız, diaspor fəalları iştirak etmişlər.
Tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlamışdır.
Mərasimdə Azərbaycanın Türkiyədəki hərbi attaşesi, polkovnik İlyas İbrahimov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, inkişafından, ordu quruculuğunda, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açmışdır.
Bildirilmişdir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələr modernləşdirilmiş və bölgənin ən güclü ordusuna çevrilmişdir.
İştirakçılara Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı ölkəmizin birmənalı və qətiyyətli mövqeyi barədə də ətraflı məlumat verilmişdir.
Sonda qonaqlar Azərbaycan musiqiləri sədası altında zəngin mətbəximizin təamlarından dadmışlar.