RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Prezident sarayında Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçın etimadnaməsini qəbul etmişdir.
Hulusi Kılıç Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə və Türkiyənin diplomatik nümayəndəliyinin əməkdaşları ilə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı diplomatı yeni təyinatı münasibətilə təbrik etdi və əmin olduğunu bildirdi ki, Azərbaycanda onun fəaliyyəti uğurlu olacaq və bu müddət ərzində qardaş ölkələr arasında əlaqələr daha da sürətlə inkişaf edəcəkdir.
Azərbaycan-Türkiyə əlaqələrinin çox yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev gələcəkdə də əməkdaşlığın, işbirliyinin möhkəmlənəcəyini bildirərək dedi ki, siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrimiz qardaşlıq, dostluq əsasında qurulmuşdur və bu, bizi daha da gücləndirir. Bizim əlaqələrimiz nə qədər yaxın, möhkəm olsa, bölgədə və dünyada mövqelərimiz də bir o qədər güclü olacaqdır.
Türkiyə diplomatına gələcək fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı dedi ki, Azərbaycan sizin doğma vətəninizdir. Əminəm ki, siz burada özünüzü yaxşı hiss edəcək və iki qardaş ölkə arasında əlaqələrin inkişafına öz töhfənizi verəcəksiniz.
Səfir Hulusi Kılıç Prezident İlham Əliyevə təşəkkür etdi, Bakıya gəlməkdən və burada fəaliyyət göstərməkdən məmnunluq duyduğunu bildirdi. O, iki dost, qardaş dövlət arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini, bu işdə Azərbaycan rəhbərliyinin dəstəyinə ümid bəslədiyini vurğuladı.
######