RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKMƏNİSTAN NAZİRLƏR KABİNETİNİN SƏDRİNİN MÜAVİNİ, XARİCİ İŞLƏR NAZİRİ RƏŞİD MEREDOVUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Prezident sarayında Türkmənistan Nazirlər Kabinetinin sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Rəşid Meredov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və dərin ehtiramını Prezident İlham Əliyevə çatdıraraq dedi: “Türkmənistan Prezidenti iki ölkə başçısı arasında qurulan əlaqələri yüksək dəyərləndirir və bu əlaqələri əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafı üçün yaxşı əsas hesab edir”. Rəşid Meredov vurğuladı ki, hər iki Prezidentin Sankt-Peterburq şəhərində keçirdiyi görüş ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına güclü təkan verir.
Dövlətimizin başçısı Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev vurğuladı ki, ölkələrimiz arasında müxtəlif səviyyələrdə keçirilən görüşlər, Türkmənistan-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının fəaliyyəti ikitərəfli əlaqələrimizin daha da inkişaf etməsi işinə xidmət edir. Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Türkmənistanın dövlət başçısına çatdırmağı xahiş etdi.
######