RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FÜZULİ, BEYLƏQAN VƏ BİLƏSUVAR RAYONLARINA SƏFƏRİ
HORADİZ ŞƏHƏRİNDƏ HEYDƏR ƏLİYEV MUZEYİ İLƏ TANIŞLIQ
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Füzuli, Beyləqan və Biləsuvar rayonlarında olmuşdur.
Əvvəlcə Horadiz şəhərinə gələn dövlətimizin başçısı burada Heydər Əliyev muzeyində oldu.
Burada rayon ictimaiyyətinin nümayəndələri Prezidenti səmimiyyətlə qarşıladılar.
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi, eksponatlarla tanış oldu. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə Füzuli rayonuna səfərlərinə dair fotoşəkillər, dahi şəxsiyyətə həsr olunmuş kitablar toplanmışdır.
Dövlətimizin başçısı muzeyin xatirə kitabına ürək sözlərini yazdı.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət etdi.
HORADİZ SAKİNİ: Bizim sevincimizin həddi-hüdudu yoxdur. Çünki ulu öndərimizin layiqli davamçısı rayonumuza gəlmişdir. Arzu edirəm ki, bu gəlişiniz uğurlu və bərəkətli olsun. Dünənki yağış, bugünkü günəş bütün bu uğurdan xəbər verir. Hazırda yaşadığımız bu ərazi 1994-cü ildə ulu öndərimizin səyi nəticəsində düşmən tapdağından azad olunmuşdur. Biz çox sevinirik ki, Siz bu yerləri abadlaşdırır, inkişaf etdirir və gülüstana döndərirsiniz. Sizin Sərəncamınızla yeni qəsəbələr salındı, çadır şəhərcikləri ləğv olundu və biz abad qəsəbələrə köçdük. Rahat, geniş, işıqlı otaqlarda yaşamaq, yurdumuzun gözəl, təmiz havasını udmaq, suyunu içmək hamımızın arzusu idi. İnanırıq ki, bizim ən böyük arzumuz da gerçəkləşəcək, yəni işğal altında olan bütün torpaqlarımız Sizin hərtərəfli, məqsədyönlü fəaliyyətiniz nəticəsində düşmən tapdağından azad olunacaqdır.
Mən hamımızın əzizi, bütün xalqımızın dərin məhəbbətini və hörmətini qazanmış Mehriban xanımın da hərtərəfli fəaliyyətini qeyd etmək istəyirəm. Biz onunla, Sizinlə fəxr edirik ki, xalqımızı həqiqətən işıqlı gələcəyə aparırsınız. Qarşıdan prezident seçkiləri gəlir. Mən rayonumuzun bütün ziyalıları adından əminliklə və qətiyyətlə bildirirəm ki, füzulililər artıq öz seçimini ediblər. Siz bizim daimi və əbədi Prezidentimizsiniz. Füzulililər Sizə inanırlar, Sizinlədirlər və Sizi həmişə dəstəkləyirlər. Siz bu sevgini, bu məhəbbəti öz səmimiyyətinizlə, işgüzarlığınızla və daim xalqın içində olmağınızla qazanmısınız. Ulu Tanrı köməyiniz olsun.
İLHAM ƏLİYEV: Sağ olun, təşəkkür edirəm sizə. Mən gəlmişəm ki, sizinlə görüşüm, sizə öz hörmət və məhəbbətimi ifadə edim, sizi dəstəkləyim. Siz ağır vəziyyətdə yaşamış insanlarsınız. Qeyd etdiyiniz kimi, bu ərazi işğal altında idi. Ermənilər bu bölgəni də işğal etmişdilər. Ondan sonra bizim ordumuz Horadiz qəsəbəsini işğalçılardan azad etdi. Bu qəsəbəyə olunan yardımlar bundan sonra da davam etdiriləcəkdir. Horadizə şəhər statusu verilibdir. Horadizin inkişafı üçün, bütövlükdə işğaldan azad olunmuş ərazilərin inkişafı üçün vəsait ayrılmışdır və yenə də ayrılacaqdır. Bütün çadır şəhərcikləri ləğv edilib və onların əvəzində yeni gözəl qəsəbələr tikilibdir. Bu onu göstərir ki, bizim imkanlarımız var. Bütün ərazilər işğaldan azad olunandan sonra biz həmin yerləri cənnətə çevirəcəyik. Biz bütün dağıdılmış rayonları bərpa edəcəyik, yüksək səviyyədə evlər, məktəblər, xəstəxanalar tikiləcəkdir. Yeni istifadəyə verilmiş qəsəbələrin timsalında görürük ki, nəyi biz edəcəyik. Mən çox şadam ki, burada işlər çox yaxşı gedir, abadlıq, inkişaf var. Daha da sürətlə getməlidir və Füzuli rayonunun inkişafına xüsusi diqqət göstərilməlidir. Siz düşmənlə üz-üzə yaşayırsınız. Sizin kəndlərinizin bir hissəsi təmas xəttinə lap yaxınlıqda yerləşir. Yəni burada yaşamaq böyük cəsarət tələb edir, böyük fədakarlıq, vətənpərvərlik tələb edir. Bütün bu təhlükələrə baxmayaraq siz burada öz doğma torpaqlarınızda yaşayır, yaradır, bu yerləri abadlaşdırır, uşaqları böyüdürsünüz, Azərbaycanı inkişaf etdirirsiniz. Ona görə siz böyük hörmətə layiq olan insanlarsınız. Bütün Azərbaycan ictimaiyyəti bunu bilməlidir və bilir.
Mən buraya çoxdan gəlmək istəyirdim, ancaq eyni zamanda, istəyirdim ki, buraya gələndə yaxşı, xoş tədbirlərdə iştirak edək. Bu gün belə tədbirlər baş verəcək - qəsəbələrin açılışıdır, sosial obyektlərin təməlqoymasıdır. Həm Tibb mərkəzinin, həm də elektrik stansiyasının təməlinin qoyulması bu bölgənin abadlaşmasına böyük dəstək olacaqdır.
Sizə cansağlığı, uğurlar arzulayıram. Bilin ki, mən bundan sonra da rayonun inkişafına öz köməyimi göstərəcəyəm.
X X X
Dövlətimizin başçısı ictimaiyyətin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.
######