RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN POLŞA SENATININ MARŞALI BOQDAN BORUSEVİÇ İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Varşavada Polşa Senatının binasına gəldi. Burada Azərbaycan Prezidenti İlham Əliyevin Polşa Senatının marşalı Boqdan Boruseviç ilə görüşü oldu.
Görüşdə Azərbaycanın və Polşanın parlamentləri arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, beynəlxalq məsələlərdə mövqelərimizin yaxın olduğu bildirildi. Parlamentlərarası əlaqələrin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyi qeyd olundu.
Əlaqələrin inkişafında dövlət başçıları səviyyəsində bu cür səfərlərin əhəmiyyəti vurğulandı, iqtisadi və enerji sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu.
Parlament səviyyəsində əməkdaşlığın Avropanın parlament strukturları, eləcə də Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlarla əlaqələrin genişlənməsi işinə xidmət etdiyi bildirildi.
Görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Senatının xatirə kitabına ürək sözlərini yazdı.
######