RƏSMİ XRONİKA
“AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2006-CI İL 28 DEKABR TARİXLİ 504 NÖMRƏLİ FƏRMANINDAN İRƏLİ GƏLƏN MƏSƏLƏLƏR BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasında ticarətin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 23 iyul tarixli 160 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №7, maddə 422) 3-cü bəndi ilə yaradılmış Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi ləğv edilsin.
2. Bu Fərmanın 1-ci bəndinə müvafiq olaraq ləğv edilən İstehlak Mallarının Ekspertizası Mərkəzinin (laboratoriyaları ilə birlikdə) balansında olan əmlak “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin tabeliyindəki hüquqi şəxs olan qurumların balansına verilsin.
3. İstehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tabeliyində olan qurumları vasitəsilə sifarişçilərin müraciətləri əsasında ödənişli yolla idxal və ixrac olunan, eləcə də istehlak bazarında dövriyyədə olan istehlak mallarının keyfiyyətinin, mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların aparılmasını, onların nəticələrini təsdiq edən sənədlərin verilməsini və bununla bağlı digər zəruri tədbirləri həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2008-ci il.