SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Fevralın 25-də Amerika Birləşmiş Ştatları dövlət katibinin birinci müavini Riçard Armitac Klivlend klinikasında müalicəsini başa çatdıran Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə telefon etmişdir.
Cənab Riçard Armitac müalicəsinin uğurla nəticələnməsi və vətənə yola düşməsi münasibətilə Azərbaycan Prezidentini səmimi təbrik etmişdir. O, Prezident Heydər Əliyevin Amerika torpağında Qurban bayramını qeyd etdiyini yada salaraq, həmin bayram münasibətilə də ən xoş arzularını bildirmişdir.
Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarında keçirdiyi günlər ərzində Amerika administrasiyası, şəxsən Prezident Buş tərəfindən göstərilən qayğı və diqqətə görə minnətdarlığını bildirmişdir. Klivlend klinikasında müalicəsi üçün yaradılmış şəraitdən və müalicənin nəticələrindən son dərəcə məmnun qaldığını söyləyən Azərbaycan Prezidenti onun səmimi salamlarını Prezident Corc Buşa, vitse-prezident Dik Çeyniyə və dövlət katibi Kolin Pauellə çatdırmağı xahiş etmişdir.
Prezident Heydər Əliyev və dövlət katibinin birinci müavini Riçard Armitac Azərbaycan-Amerika münasibətlərinə dair qısa fikir mübadiləsi də aparmışlar.