İQTİSADİYYAT
Azərbaycan startapı dünyanın 228 layihəsi arasında ilk 25-liyə düşüb
Bakı, 24 iyun, AZƏRTAC
Dünyanın 228 layihəsi arasından seçilən Azərbaycan startapı Yaponiyada keçirilən Qlobal "G-Startup" müsabiqəsində ilk 25-liyə daxil olub.
AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, 52 ölkədən təqdim olunmuş və "G-Startup Worldwide Tokyo Top 25" adı altında müəyyənləşən layihələr sırasında Azərbaycanın "BethClip" layihəsi yer alıb.
Növbəti mərhələdə Tokioda qiymətləndiricilər tərəfindən 25 layihə arasından 8 layihə seçiləcək və bu mərhələyə keçmiş layihələrin adları iyunun 24-də müsabiqənin rəsmi "Facebook" səhifəsində elan ediləcək.
Mükafat fonduna əsasən, ikinci yerin qalibi 20 000 dollar məbləğində investisiya mükafatına layiq görüləcək. İlk yerin qalibi isə 50 000 dollar məbləğində investisiya mükafatı qazanacaq.
Sentyabrda baş tutacaq "Startup Worldwide Global Finals"da rəqabəti udanlar 250 000 dollar investisiya ilə mükafatlandırılacaqlar. Finalçılar "Google" şirkətinin qərargahında 3 günlük butkempdə (komandaya bütün günü məşq imkanı verən mühit) də iştirak edə biləcəklər.