İQTİSADİYYAT
Azərbaycanda sığorta maarifləndirməsi ilə bağlı kommunikasiya strategiyası müəyyənləşir
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə ölkədə sığorta maarifləndirilməsi və təbliğatı ilə əlaqədar olaraq sığortaçılar arasında kommunikasiya strategiyasının müəyyənləşdirilməsi ilə bağlı tədbir keçirilib.
ASA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair memorandum” çərçivəsində layihələrin təşkil olunması ilə bağlı kommunikasiya strategiyasının müəyyənləşdirilməsi məqsədilə təşkil olunub.
Tədbirdə Mərkəzi Bank, Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun rəhbərlikləri, eyni zamanda, yerli sığorta bazarında fəaliyyət göstərən 20 sığorta və 1 təkrarsığorta şirkətinin sədrləri iştirak edirlər.
ASA-nın icraçı direktoru Elmar Mirsalayev tədbirlə bağlı mediaya açıqlamasında bildirib ki, müvafiq memorandumla bağlı işlərə artıq başlanılıb: “Əhalinin sığorta məlumatlılığının müəyyənləşdirilməsi ilə bağlı layihə çərçivəsində sistemli sorğular keçirildi və boşluqlar müəyyənləşdirildi. Bugünkü tədbirdə aparılacaq müzakirə nəticəsində növbəti mərhələdə sığorta ilə bağlı kütləvi tədbir və layihələrə intensiv şəkildə başlanılacaq”.