SİYASƏT
AZƏRBAYCANDA SİYASİ MƏHBUS YOXDUR
ÖLKƏNİN 50-DƏN ÇOX QEYRİ-HÖKUMƏT TƏŞKİLATI BU FİKİRDƏDİR
Şuranın sədri Ənvər Qafarlı demişdir ki, dünya hüquq terminologiyasında siyasi məhbus ifadəsi olmadığı halda, son illər Azərbaycanda bu məsələ aktual problemə çevrilmişdir. Bəzi qeyri-hökumət təşkilatları və hüquq müdafiəçiləri isə “siyasi məhbus” məsələsindən öz siyasi məqsədləri üçün istifadə edir, Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar.
Problemə aydınlıq gətirmək məqsədi ilə İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu, Azərbaycanda Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi İctimai Birliyi və Bolqarıstandakı Məhbusların Reinteqrasiyası Assosiasiyası birlikdə “siyasi məhbus” məsələsinə vətəndaş nəzarəti mexanizminin işlənməsi layihəsi üzrə monitorinq keçirməyə başlamışdır. Müstəqil hüquqşünaslar Avropa Şurasına “siyasi məhbus” kimi təqdim olunmuş şəxslərin işlərini bir daha hərtərəfli araşdırmış, onların hər birinin cinayət faktlarını təsdiqləmiş və həmin şəxslərin siyasi məhbus olmadığını sübuta yetirmişlər. Amma həmin şəxslərlə bağlı ibtidai istintaq və məhkəmə prosesləri zamanı hüquq pozuntularının olması faktı da göstərilmişdir. Avropanın 9 ölkəsinin 22 müstəqil eksperti, eləcə də, cari ilin iyun ayında “siyasi məhbus” problemi ilə bağlı Bakıda keçirilmiş beynəlxalq konfransın iştirakçıları monitorinqin nəticələrinin obyektiv və düzgün olduğunu təsdiqləmişlər.
Konfransdan sonra yuxarıda adları çəkilən təşkilatların təşəbbüsü ilə Siyasi Məhbus Problemləri üzrə Şura təsis edilmişdir. Hazırda 50-dən çox qeyri-hökumət təşkilatını özündə birləşdirən Şura Azərbaycanda “siyasi məhbus” məsələsini daim diqqətdə saxlamağı, ibtidai istintaq və məhkəmə prosesləri zamanı insanların pozulmuş hüquqlarının müdafiəsini, Azərbaycanda qanunvericilik aktlarının təhlilini, onların Avropa standartlarına uyğunluğunu təmin etməyi qarşısına məqsəd qoymuşdur.
Təqdimat mərasimində 30-dan çox QHT nümayəndəsi, eləcə də Estoniya, Latviya və Bolqarıstandan gəlmiş ekspertlər iştirak etmişlər.