SİYASƏT
Azərbaycandakı rus icmasının sədri qərb bölgəsində yaşayan soydaşları ilə görüşmüşdür
Gəncə, 2 iyun (AZƏRTAC, Sabir Əliyev). Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin Gəncədə qərb bölgəsində yaşayan soydaşları ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, icma sədri rus əhalisinin vəziyyəti ilə maraqlanmış, orta və ali məktəblərin rus dili bölmələrində təhsil alan şagird və tələbələrin arzu və təkliflərini dinləmişdir. Çıxışlarda qeyd edilmişdir ki, hazırda qərb bölgəsində 10 mindən artıq rus yaşayır. Onlar uzun illərdir ki, heç bir problem olmadan bu ölkədə özlərini vətənlərində olduğu kimi rahat və sərbəst hiss edirlər. Bu da onu göstərir ki, Azərbaycan dünyaya nümunə ola biləcək tolerant ölkə və multikulturalizm ənənələrinin bərqərar olduğu bir məkandır.
Mixail Zabelin görüşdə çıxış edərək demişdir ki, hər bir şəxsin ərazisində yaşadığı ölkənin dövlət dilini bilməsi vacibdir. Bunun təməli orta məktəblərdə qoyulur. Lakin bəzi hallarda rus bölməsinin şagirdləri Azərbaycan dilini mükəmməl mənimsəyə bilmirlər. Problemin həlli üçün bir sıra tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur. Rus bölməsində Azərbaycan dilinin daha yaxşı öyrədilməsi üçün həm müəllimlərə, həm də şagirdlərə stimul lazımdır. Belə ki, rus bölməsinin şagirdləri arasında Azərbaycan dilindən müsabiqə və olimpiadaların təşkil edilməsi, qaliblərin həvəsləndirici mükafatlarla təltif olunması müsbət nəticələr verə bilər.
Görüşün sonunda təşkilatı məsələyə baxılmışdır. Valeri Kozin qərb bölgəsi üzrə rus icmasının sədri seçilmişdir.