SİYASƏT
Azərbaycanın dövlət müstəqilliyi əbədidir
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) respublikamızın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə konfrans keçirilib.
Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” adlı videoçarx təqdim olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali məktəbin rektoru, professor Ədalət Muradov müstəqillik tarixinə qısa nəzər salıb. Bildirilib ki, Azərbaycan xalqı xoşbəxtdir, çünki azad və müstəqil dövlətin vətəndaşlarıdır. Sevinirik ki, ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan dövlət müstəqilliyi onun sadiq davamçısı Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilib.
Milli Məclisin deputatı Vahid Əhmədov şanlı tariximizdən, azadlığın əldə edilməsi yolunda xalqın mübarizəsindən, müstəqil yeni iqtisadi modelin formalaşması mərhələsindən danışıb.
Milli Məclisin deputatı, UNEC-in fəxri məzunu Əli Məsimli, kafedra müdiri, professor Ümidvar Əliyev müstəqilliyin qorunub saxlanılması yolunda ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan söz açıblar.