SİYASƏT
Azərbaycanın Laçın rayonunun işğal ilə əlaqədar Almaniyada aksiya keçirilmişdir
Bakı, 21 may (AZƏRTAC). Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar Almaniyanın Nürnberq şəhərində yürüş-aksiya keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Almaniyadakı Azərbaycan diasporunun fəal üzvlərindən biri Akif Məmmədov tərəfindən təşkil olunmuş aksiyada onlarla soydaşımız əllərində Azərbaycan, Türkiyə və Almaniya bayraqları tutaraq Nürnberqin mərkəzi küçələri ilə hərəkət etmişlər. Aksiya iştirakçıları alman və ingilis dillərində Ermənistanın təcavüzkar siyasətini pisləyən şüarlar səsləndirmişlər. Aksiyaçılar, eyni zamanda, əllərində “Ermənistan, Azərbaycan torpaqlarından rədd ol!”, “Ermənistan, Qarabağdan çıx!”, “Qarabağ 22 ildir erməni qaniçənlərinin təcavüzü altındadır” kimi sözlər yazılmış plakatlar da tutmuşlar.
Yürüş iştirakçıları şəhərin mərkəzi meydanlarının birində toplaşaraq aksiyanı davam etdirmişlər. Aksiyada Azərbaycan diasporunun fəal üzvləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı alman dilində məlumat vermiş, Avropanı Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına, bir milyondan artıq qaçqın və köçkünün həyatına biganə qalmamağa çağırmışdır. İki saat davam edən aksiya dinc şəraitdə başa çatmışdır.