İQTİSADİYYAT
Azərbaycanın meyvə-tərəvəz məhsulları Rusiya bazarına birbaşa ixrac olunacaq
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycanın meyvə-tərəvəz məhsulları "X5 Retail Group" şirkəti ilə əməkdaşlıq çərçivəsində Rusiya bazarına birbaşa ixrac olunacaq.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, qurumun dəvəti ilə Bakıya gələn Rusiyanın böyük marketlər şəbəkəsinə malik olan "X5 Retail Group" şirkətinin rəhbər heyəti 10-dan çox yerli şirkət təmsilçiləri və sahibkarlarla görüşüb.
Görüşdə "Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası"na üzv olan şirkətlərlə qarşılıqlı faydalı fəaliyyət istiqamətləri müzakirə olunub, meyvə-tərəvəz məhsullarının "X5 Retail Group"la əməkdaşlıq çərçivəsində Rusiya bazarına birbaşa ixrac olunması qərara alınıb.