MƏDƏNİYYƏT
Azərbaycanın tanıtım videoçarxı İspaniya festivalında uğur qazanıb
Bakı, 8 may, AZƏRTAC
Azərbaycanın yeni turizm brendi “Bir daha bax” (“Take another look”) şüarı əsasında hazırlanan tanıtım videoçarxı İspaniyanın Tortosa şəhərində keçirilən “Terres Festival 2019” festivalında təltif edilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, videoçarx “Turizm kommunikasiyası” kateqoriyasının ölkələrə görə “Turizm destinasiyası” nominasiyası üzrə ikinci yerlə mükafatlandırılıb.
Məlumat üçün bildirək ki, “Terres Festival” festivalı dayanıqlı inkişaf və təbiət turizmi üzrə filmlər və videoçarxlar arasında keçirilməklə İspaniyanın təbiətinin biomüxtəlifliyinə görə UNESCO-nun qorunan irs siyahısına əlavə edilən Tortosa şəhərində təşkil olunur. Zeytun ağacından hazırlanmış, festivalın əsas simvolu hesab olunan, dayanıqlılıq, dəyərlər və insanla təbiət arasında əlaqəni özündə ehtiva edən mükafat Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin nümayəndəsinə təqdim olunub.