CƏMİYYƏT
Azərbaycanın təşəbbüsü pandemiya dövründə Afrikanın humanitar fəlakətdən xilasında daha bir mühüm addım oldu
Qahirə, 12 may, AZƏRTAC
Silahlı münaqişələr, Ebola epidemiyası, quraqlıq və ərzaq qıtlığından əziyyət çəkən Afrika qitəsi COVID-19 pandemiyası nəticəsində humanitar fəlakət zonasına çevrilib. Avropa İttifaqı, ABŞ, Çin, Yaponiya, habelə BMT bu ağır dövrdə Afrika ölkələrinə yardım istiqamətində mühüm işlər görürlər. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü köməyə ehtiyacı olan dövlətlər üçün daha bir nicat yolu oldu. Bunun ardınca Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov və ÜST-nin Baş direktoru Tedros Qebreyesus tərəfindən imzalanmış Donor Sazişinə əsasən Azərbaycan tərəfindən ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması və bu vəsaitin Azərbaycanla razılaşdırmaqla ən çox köməyə ehtiyacı olan Afrika, Asiya və Latın Amerikasında yerləşən Qoşulmama Hərəkatının üzv dövlətləri üçün istifadə edilməsinin nəzərdə tutulması beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.
Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat Zirvə görüşündəki çıxışında bildirmişdi: “İstərdik ki, biz bundan sonra da Qoşulmama Hərəkatının timsalında dəstəyi görək, onu alaq və əhaliyə çatdıraq. Pandemiyanın qarşısının vaxtında alınması üçün Afrika dövlətlərinə, xüsusən də bəzi ölkələrə bu dəstək göstərilsin. Əgər bu olmasa, həmin dövlətlər üçün fəsadlar çox ağır olacaqdır. Afrika nəinki öz imkanlarına, həmçinin öz tərəfdaşlarının dəstəyinə arxalanır”.
Rəsmi məlumatlara görə, Afrikada indiyədək koronavirusa 68 minə yaxın yoluxma halı qeydə alınıb, 2355 nəfər isə həyatını itirib. Lakin pandemiya dövründə qitə ölkələrinin üzləşdiyi ən ağır problem aclıq və səfalətdir. BMT Ərzaq Proqramının hesabatında qeyd olunub ki, COVID-19 virusunun fəsadları nəticəsində dünyada aclıq həddində olan insanların sayı 135 milyondan 265 milyon nəfərə çata bilər. Ərzaq qıtlığı olan ölkələrin arasında Konqo Demokratik Respublikası, Efiopiya, Cənubi Sudan, Nigeriya, Sudan da var. Koronavirus pandemiyası ilə əlaqədar humanitar yüklərin daşındığı aviasiya və dəniz nəqliyyatının iflic olması vəziyyəti daha da mürəkkəbləşdirib. Donor ölkələr və beynəlxalq təşkilatlar problemin həlli məqsədilə Afrika İttifaqı ilə birlikdə tədbirlər həyata keçirirlər. Artıq pandemiya və quraqlıq nəticəsində Qərbi Afrika və Sahil regionunda 19 milyon insanın aclıq fəlakəti ilə üzləşdiyi bildirilir.
Dünya Bankının təhlillərinə görə, Afrika qitəsi ölkələrinin iqtisadiyyatı son 25 ildə ilk dəfə resessiya ilə üzləşə bilər. Əsas vəsaitləri COVID-19 pandemiyası ilə mübarizəyə yönəltməyə məcbur olan qitə dövlətləri milli valyutaların devalvasiyası, qiymətlərin kəskin şəkildə artması, ərzaq qıtlığı problemləri ilə üzləşib. Ötən il baş vermiş quraqlıq nəticəsində Afrikanın cənubunda aclıq fəlakəti ilə üz-üzə qalan 45 milyon insanın vəziyyəti koronavirus pandemiyası nəticəsində daha da ağırlaşıb.
Dünya Ərzaq Proqramının Cənubi Afrika üzrə nümayəndəsi Lola Kastronun sözlərinə görə, Zimbabve, Malavi, Botsvana və Namibiyanın humanitar fəlakətdən xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər görülməlidir. O, tezliklə humanitar dəhlizin açılması və donorların yardımlarının bu bölgəyə çatdırılmasını təklif edib. Kastro əlavə edib ki, hazırda Afrikanın cənubunda 400 milyon insanın ərzaqla təmin edilməsi üçün əlavə yardımlar tələb olunur. Bu ölkələrdə pandemiyadan öncə də ağır sosial vəziyyət mövcud olub, insanların gündəlik orta qazancı 2 dollardan da azdır.
Artıq Afrika ölkələrinin bir çoxunda karantin rejimi yumşaldılıb. Eyni zamanda, vəziyyət ağır olaraq qalır. Rəsmi məlumatlara görə, Afrika qitəsində əhalinin 85 faizinin rəsmi məşğulluğu, 66 faizinin bank hesabı yoxdur.
Bu cür ağır vəziyyətdə Afrika liderləri Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının üzv dövlətlərinə böyük ümidlər bəsləyir. Bunu Zirvə görüşündə çıxışlarında Afrika İttifaqının əvvəlki və hazırkı sədrləri, Misir və Cənubi Afrika prezidentləri Əbdülfəttah əs-Sisi və Siril Ramafoza da vurğulayıblar. Hər iki lider Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyini yüksək qiymətləndirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə