ELM VƏ TƏHSİL
“Azərbaycanın yumşaq diplomatiyasında iqlimin qorunmasına dəstək mexanizmləri” - elmi seminar
Bakı, 18 aprel, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycanın yumşaq diplomatiyasında iqlimin qorunmasına dəstək mexanizmləri” mövzusunda elmi seminar keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, elmi seminarın moderatoru Diplomatiya və xarici siyasət kafedrasının müdiri Əsgər Əhməd yumşaq diplomatiya anlayışının mahiyyətindən söz açaraq onun “Yumşaq güc” nəzəriyyəsi əsasında yarandığını qeyd edib. Moderator beynəlxalq münasibətlər sistemində yeni paradiqmaların meydana gəlməsi zəminində müasir dövrdə yumşaq diplomatiyadan istifadənin zəruriliyini diqqətə çatdırıb.
Rektor Anar Nağıyev çıxışında ayrılıqda hər kəsin ölkədə həyata keçirilən yumşaq diplomatiya siyasətinə töhfə verməsinin vacibliyini vurğulayıb. Anar Nağıyev diplomatiyanın qeyri-ənənəvi forması olan yumşaq diplomatiyaya müxtəlif aspektlərdən yanaşmalardan ibarət maraqlı diskussiyanın təşkilində iştiraklarına görə məruzəçilərə öz minnətdarlığını ifadə edib.
Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin şöbə müdiri Əsmər Yusifzadə Azərbaycanın qlobal iqlim dəyişikliyi mövzularına daim həssaslıqla yanaşdığını bildirib. Dünyada qlobal iqlim dəyişikliyi ilə bağlı qəbul edilən beynəlxalq sənədlər barədə danışan Əsmər Yusifzadə Azərbaycanın həmin protokollara qoşularaq beynəlxalq arenada ekoloji problemlərin həllində fəal iştirak etdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın COP29-la bağlı qarşıya qoyduğu hədəflərdən, COP29 ilə əlaqədar Troyka formatı çərçivəsində həyata keçirilən hazırlıq işlərindən söz açıb.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin müdiri Fərhad Məmmədov müasir dövrdə qlobal diskussiyalarda iştirakın əhəmiyyətinə toxunub. O, COP29 vasitəsilə Azərbaycanın qlobal dialoq məkanına çevriləcəyini qeyd edərək bu sahədə yeni mərhələyə qədəm qoyacağını bildirib.
Kanada Azərbaycanlıları Şəbəkəsinin İdarə Heyətinin üzvü Anar Cahangirli “Yumşaq güc” termininin mahiyyəti barədə danışıb. O, nümunələr vasitəsilə Azərbaycanın dünya siyasətində yumşaq gücün alətlərindən istifadəni istər dövlət səviyyəsində, istərsə də qeyri-dövlət səviyyəsində uğurla həyata keçirdiyini nümunələr əsasında diqqətə çatdırıb. Anar Cahangirli, həmçinin Kanada azərbaycanlıları şəbəkəsinin fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib.
Elmi seminar məruzələr ətrafında müzakirələrlə davam edib.