CƏMİYYƏT
AZƏRBAYCANLA KÜVEYT ARASINDA ƏMƏKDAŞLIQ İMKANLARI ÇOX GENİŞDİR
Bakı, 13 aprel (AZƏRTAC). Azərbaycanla Küveyt arasında əməkdaşlıq imkanları çox genişdir.
Bunu aprelin 13-də ölkəmizdə səfərdə olan Küveytin Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Cəzzaf keçirdiyi mətbuat konfransında demişdir.
Komitə sədri qeyd etmişdir ki, bu səfər iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəkdir. Qonaq Azərbaycanın hər sahədə, o cümlədən idmanda böyük nailiyyətlərinin olduğunu vurğulamışdır.
Bildirmişdir ki, əməkdaşlığın istiqamətlərini müəyyənləşdirmək üçün iki ölkə arasında saziş imzalanacaqdır. Bu saziş gənclər və idman sahəsində bir sıra iri layihələrin həyata keçirilməsinə şərait yaradacaqdır.
Musaid Əl-Cəzzafın sözlərinə görə, gələcəkdə Küveyt-Azərbaycan günlərinin keçirilməsi nəzərdə tutulur. Bu cür tədbir gənclərin bütün sahələrdə fəaliyyətini əhatə edəcəkdir. Həmçinin idman komandalarının qarşılıqlı səfərləri təşkil olunacaq, birgə yarışlar keçiriləcəkdir.
######