İDMAN
Azərbaycanlı hakim yeni uğura imza atıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycanın kikboksinq üzrə hakimi Aydın Ağabəyov yeni uğura imza atıb.
Azərbaycan Kikboksinq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, A.Ağabəyovun beynəlxalq hakimlik dərəcəsi artırılıb. Mütəxəssis buna Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı zamanı nail olub.
WAKO - Dünya Kikboksinq Təşkilatları Birliyinin baş hakimi Yuri Laxtikov A.Ağabəyova B klass hakimlik dərəcəsini təqdim edib.
A.Ağabəyov dəstəyə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib: “Bu yolda mənə dəstək olan, başda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev olmaqla hamıya minnətdarlığımı bildirirəm. Mənə göstərilən etimadı doğrultmaq üçün bundan sonra da bütün bacarığımdan səylə istifadə edəcəyəm”.