İQTİSADİYYAT
“Azəriqaz” “ASAN xidmət” vasitəsi ilə 30 minədək istehlakçıya xidmət göstərib
Bakı, 5 aprel, AZƏRTAC
“Azəriqaz” “ASAN xidmət” vasitəsilə 30 minədək istehlakçıya xidmət göstərib.
“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, birlik tərəfindən bu ilin yanvar-mart ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb edilən məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib. Yanvar-mart ayları ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal” mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 29 min 442 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.