MƏDƏNİYYƏT
AZƏRTAC üç mindən çox fotosənədi arxivə təhvil verib
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tərəfindən Dövlət Kino-Foto Sənədləri Arxivinə 3 min 333 saxlama vahidi fotosənəd təhvil verilib.
Bu barədə Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov məlumat verib. Bildirib ki, daimi saxlanılmaq məqsədilə qəbul edilmiş fotosənədlər Prezident İlham Əliyevin 2017-ci ilin birinci yarım ilində iş qrafikinə uyğun olaraq görüşlərini, rəsmi qəbullarını, səfərlərini, beynəlxalq miqyasda keçirilən tədbirlərdə iştirakını, təhsil, mədəniyyət, kənd təsərrüfatı, neft sənayesi, energetika, ekologiya və dövlət sifarişi ilə yaradılan digər müəssisələrin istifadəyə verilməsində iştirakını əks etdirir.
Tarix üçün əhəmiyyətli olan sənədlər Avropa Komissiyası, Dünya Gömrük Təşkilatı ilə əməkdaşlıq səviyyəsində keçirilən işgüzar görüşləri də özündə əks etdirir.
Hazırda təhvil alınmış sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir, hər bir sənəd üçün ayrıca məlumat bazası hazırlanır.