ELM VƏ TƏHSİL
AzMİU-nun əcnəbi tələbələrinin Novruz sevinci
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Əcnəbi vətəndaşların hazırlığı fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Novruz gəlir, yaz gəlir” adlı ədəbi-bədii tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı təhsil müşaviri Yurdagül Aydoğan, Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mustafa Abdel Halim Mahmud, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin mütəxəssisi Zaur Cəfərli, AzMİU rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşlar və tələbələr iştirak ediblər.
Ədəbi-bədii konsert proqramı virtual şəkildə Vətənimizin mədəniyyət mərkəzi olan gözəl Şuşada keçirilib. Aparıcılar Şuşa qalasının qarşısından qonaqları salamlayıblar. Sonra Prezident İlham Əliyevin Şuşada çıxışı və Şuşadan görüntülər yayımlanıb.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək əməkdaşları və tələbələri Novruz bayramı münasibətilə təbrik edib. Rektor bildirib ki, artıq dördüncü ildir Azərbaycan xalqının çoxəsrlik tarixi ənənələrini və zəngin mədəniyyətini tərənnüm etdirən Novruz bayramını ərazi bütövlüyümüzün təmin olunduğu şəraitdə qeyd etməyin qürurunu yaşayırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində soydaşlarımız milli bayramımız olan Novruzu ata-baba yurdlarında qeyd edir, Qarabağ yenidən dirçəlir, çiçəklənir, əvvəlki ruhuna qayıdır.
Professor Gülçöhrə Məmmədova təbiətin oyanışını ehtiva edən bu bayram münasibətilə hər kəsi yeni ruhla, əzmlə çalışmağa, daha çox nailiyyətlər əldə etməyə səsləyib, Novruzun hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirməsini arzulayıb.
Daha sonra konsert proqramı başlayıb. Novruzun əsas obrazları olan Bahar qızı, Kosa, Keçəl səhnəyə daxil olublar. Bahar qızı əlində Novruzun nişanəsi olan səməni tutaraq Kosa və Keçəli səsləyib, qonaqlarla birgə yumurta döyüşdürüb, şeirlər səsləndiriblər. Əcnəbi tələbələrin ifasında bayram ruhlu şeirlərimiz, mahnılarımız böyük məharətlə təqdim olunub, haxıştalar söylənilib. Tədbirdə əcnəbi tələbələr öz ölkələrinə məxsus rəqslər, mahnılar da ifa ediblər.
Novruz bayramını od-ocaqsız, gur Novruz tonqalı olmadan təsəvvür etmək mümkün olmadığından tələbələr səhnədə hazırlanan tonqal maketin ətrafına toplaşaraq birgə dövrə vurublar.
Konsert proqramı AzMİU-nun bədii yaradıcılıq qrupunun ifaları ilə davam edib.
Sonda əcnəbi tələbələr ölkələrinə məxsus bayraqlarla səhnəyə daxil olub və konsert proqramı bununla yekunlaşıb.