CƏMİYYƏT
Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
Bakı, 27 aprel, AZƏRTAC
Görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən “Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim” mövzusunda tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, rayonun idarə və təşkilatlarının, səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, ictimai birliklərin nümayəndələri, qazilər, şəhid ailələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə iştirakçılar Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra akademik Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Sədaqət Vəliyeva, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şərəf Cəlilli, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva, “Yeni Klinika” tibb müəssisəsinin direktoru Barat Yusubov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, eləcə də zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşatmış görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın mənalı ömür yolundan danışıblar.
Qeyd olunub ki, Zərifə Əliyeva Azərbaycanda tibb elminin inkişafına əhəmiyyətli töhfələr verib, oftalmologiya sahəsində elmi məktəb yaradıb. Onun peşəkar həkimlik fəaliyyəti və təklif etdiyi yeni müalicə üsulları sayəsində on minlərlə insanın görmə qabiliyyəti bərpa olunub, minlərlə insan qlaukoma xəstəliyindən xilas edilib. Zərifə Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir. Bu məktəbin yetirmələri Azərbaycanda oftalmologiya elminin inkişafına əhəmiyyətli töhfələr verirlər.
Xüsusi vurğulanıb ki, Zərifə Əliyeva öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılığı ilə sözün əsl mənasında vətəndaşlıq örnəyinə, vəfalı ömür-gün yoldaşı olmaqla əsl Azərbaycan xanımının, ailəsinin müqəddəs simvoluna çevrilib. Azərbaycan xanımlarının zərifliyinin, humanizminin və qayğıkeşliyinin mücəssəməsi olan Zərifə Əliyeva öz nurlu siması, ana ləyaqəti, alim məsuliyyəti ilə yaddaşlarda daim yaşayacaq.