İDMAN
“Bakı-2017”: VII gün
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının yeddinci günündə Azərbaycan medal siyahısında yenidən liderliyə yüksəlib. Azərbaycan milli komandası 124 medalla (63 qızıl, 35 gümüş və 26 bürünc) siyahıya başçılıq edir.
AZƏRTAC xəbər verir ki, gün ərzində Azərbaycan idmançıları 8 medal qazanıblar. Bu medallardan 4-ü qızıl, 2-si gümüş, 2-si bürüncdür. Milli komandamızın aktivinə ən çox medalı sərbəst güləşçilərimiz yazdırıblar. Sərbəst güləş yarışlarının birinci günündə pəhləvanlarımız 2 qızıl və 1 gümüş medala sahib olublar.
İslamiadanın yeddinci günündə aktivinə 7 medal (1 qızıl, 4 gümüş və 2 bürünc) yazdıran Türkiyə ikinci sıradadır. Hazırda Türkiyə yığmasının hesabında 162 medal (61-56-45) var.
Üçüncü sırada qərarlaşan İranın aktivində 74 medal (20-24-30). Özbəkistan 57 medalla (14-15-28) dördüncüdür.
İslamiadanın yeddinci günündə aktivinə 3 qızıl və 2 gümüş medal əlavə edən Bəhreyn iki pillə irəliləyərək beşinci yeri tutub. Bu ölkənin hesabında 16 medal (9-4-3) var.
Ümumilikdə yeddi gün ərzində 36 ölkənin idmançıları aktivlərinə medal qazana biliblər.