İQTİSADİYYAT
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslərin sayı artırılıb
Bakı, 20 aprel, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin bütün strukturları Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda bayramla əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə aprelin 22-də əlavə reys təyin edilib.
ADY-dən AZƏRTAC-a bildirilib ki, aprelin 22-də Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslə səhər saat 8:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. Əks istiqamətdə Ağstafadan saat 15:30-da Bakıya yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.
Xatırladaq ki, Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə ümumilikdə 8 əlavə reys təyin edilib.
Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarlarının ənənəvi qrafikində heç bir dəyişiklik edilmir. Yəni, hər gün saat 8:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, Ağstafadan isə saat 17:10-da yola düşən qatar isə saat 22:05-də Bakıya çatır.
Bakı-Qəbələ marşrutu üzrə isə qatar hər şənbə günü saat 8-də Bakıdan Qəbələyə yola düşərək saat 11:20-də mənzil başına çatır. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19-da yola düşərək Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatır.
Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.