MƏDƏNİYYƏT
Bakı Şopinq Festivalı İƏT dövlətlərinin Xəbər Agentlikləri Birliyinin diqqət mərkəzində
Bakı, 23 oktyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xəbər Agentlikləri Birliyi (UNA) İkinci Bakı Şopinq Festivalı haqqında məqalə yayıb. “Bakı Şopinq Festivalı. Rəngarəng fəaliyyət və güclü axın” sərlövhəli məqalədə festivalın dünyanın müxtəlif ölkələrindən olan turistlərin və yerli alıcıların marağını çəkdiyi qeyd edilir. Bu barədə AZƏRTAC-a Azərbaycan Konqreslər Bürosundan məlumat verilib.
Məqalədə Bakı Şopinq Festivalının əsas məqsədinin turizm sektorunun inkişafı və ölkənin tanıdılması olduğu deyilir, tədbir çərçivəsində müxtəlif maraqlı proqramların, əyləncələrin və hədiyyəli lotereya oyunlarının təşkil edildiyi diqqətə çatdırılır. Vurğulanır ki, 500-ə yaxın ticarət obyektinin, marketin, turizm şirkətinin qoşulduğu festivalda alıcılara geyim, elektronika məhsulları, saatlar, ətriyyat, məişət texnikası və s. kimi seçilmiş mallara 70%-ə qədər endirimlər təklif edilir.
Qeyd olunur ki, turistləri də yaddan çıxarmayan festival onlar üçün maraqlı təklifləri ilə yadda qalıb. Təqdim olunan turist paketlərinə təyyarə biletləri, daşınma və transfer xidmətləri, sığorta, otellərdə ən azı 3 gecə qalma, Bakı Şopinq Festivalında iştirak edən ticarət obyektlərinə şopinq turlar daxildir.