SİYASƏT
Bakı və Bratislava arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb
Bratislava, 8 may, AZƏRTAC
Bakı və Bratislava şəhərləri arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsi, habelə heykəltəraşlıq və parksalma sahəsində əməkdaşlığın qurulması məqsədilə Azərbaycanın Slovakiyadakı müvəqqəti işlər vəkili Cəfər Hüseynzadə ilə Bratislavanın meri İvo Nesrovnal və müavini Lyudmila Farkaşovska arasında görüş olub.
Görüşdə “Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) ilə Bratislava Şəhər Meriyası (Slovakiya) arasında dostluq və əməkdaşlıq haqqında Protokol”un imzalanması ilə şəhər başçılarının qarşılıqlı səfərləri müzakirə edilib, şəhərsalma, su, işıq, və nəqliyyatın idarə edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması barədə qarşılıqlı əsasda təkliflər irəli sürülüb.
Keçirilmiş görüşlərin nəticəsi olaraq, Azərbaycanın mədəniyyət xadimlərindən birinin büstünün Bratislavada ucaldılması ilə bu şəhərdə Bakı adını daşıyan parkın salınması barədə qarşı tərəfdən ilkin razılıq əldə edilib.
Hazırda şəhərlərarası əməkdaşlığa dair təkliflər Azərbaycanın aidiyyəti qurumları tərəfindən nəzərdən keçirilir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava