İQTİSADİYYAT
BAKIDA DƏMİR-BETON ŞPALLARIN İSTEHSAL EDƏN ZAVOD İŞƏ BAŞLAMIŞDIR
Dəmir-beton şpallar istehsal edən zavodun işə salınmasına həsr olunmuş təntənəli mərasimi keçirilmişdir. Mərasimdə nəqliyyat naziri Ziya Məmmədov, Almaniyanın ölkəmizdəki səfiri Klaus Qrevlix, Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin rəhbərləri, xarici şirkətlərin nümayəndələri, ekspertlər, layihənin əlaqələndiriciləri, texniki məsləhətçilər iştirak edirdilər.
Nazir Ziya Məmmədov mərasimdə çıxış edərək xüsusi vurğuladı ki, zavodun açılışı ölkə Prezidentinin rəhbərliyi ilə aparılan genişmiqyaslı iqtisadi islahatların nəticələrindən biridir. O dedi ki, Azərbaycanda ilk dəfə olaraq ildə 350 minədək şpal buraxacaq zavod tikilmişdir, Dövlət Dəmir Yolunun bu məhsula olan tələbatı isə 200 mindir. Texnikanın son sözü ilə tikilmiş müəssisə dəmir yolu təsərrüfatının bu məhsula olan tələbatını ödəməklə yanaşı, ildə 2,5 milyon dollar vəsaitə qənaət etməyə imkan verəcəkdir ki, bu da dəmir yolunun 32 minlik kollektivinin 2 aylıq əmək haqqına bərabərdir. İldə 2,4 milyon dollarlıq məhsul istehsal edəcək bu zavod “Valterbau-Təpə-inşaat” Almaniya-Türkiyə müştərək müəssisəsi tərəfindən tikilmişdir.
Müqaviləyə uyğun olaraq, Azərbaycan Dövlət Dəmir Yolu Almaniya-Türkiyə BM-nin 4 ay ərzində buraxacağı 130 min şpalı aldıqdan sonra müəssisə tamamilə Azərbaycan dəmiryolçularının mülkiyyətinə keçməlidir. Nazir bildirdi ki, Avstriyadan qırmadaş təmizləyən və qırmadaş döşəyən maşınlar alındıqdan sonra 100 kilometrdən artıq dəmir yolunu təmir etmək mümkün olmuşdur.
Sonra mərasim iştirakçıları zavodun istehsal blokları və sexləri ilə tanış oldular.
ADDY İdarəsi rəisinin müavini Musa Pənahov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirdi ki, zavodun sexlərində Almaniyadan ən müasir texnoloji avadanlıqlar quraşdırılmışdır.
Zavod 2-4 növbədə işləyəcək və hər növbədə 35 nəfər çalışacaqdır. Növbə ərzində 400-dək şpal buraxılacaqdır.