MƏDƏNİYYƏT
Bakıda görkəmli sənətkar Müslüm Maqomayevin xatirəsi anılacaq
Bakı, 15 avqust (AZƏRTAC). Avqustun 17-də Azərbaycanın dünya şöhrətli musiqiçisi, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etmiş Müslüm Maqomayevin doğum günüdür.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə həmin gün Fəxri xiyabanda Azərbaycanın və SSRİ-nin Xalq artisti, böyük müğənni və bəstəkar Müslüm Maqamayevin anım mərasimi keçiriləcək.
Mərasimdə sənətkarın yaxınları, sənət dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19 yaşında Helsinkidə gənclər festivalının qalibi olub. 1969-cu ildə Polşada keçirilmiş Sopot beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb. İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib.
Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Müslüm Maqomayev 2008-ci ilin oktyabrın 25-də Moskvada vəfat edib. Müğənni doğma şəhəri Bakıda Fəxri xiyabanda dəfn olunub.