HEYDƏR ƏLİYEV - 1
Bakıda “Heydər Əliyev 100: Türkiyə Yüz İli” mövzusunda tədbir təşkil edilib
Bakı, 27 dekabr, AZƏRTAC
Dekabrın 27-də Bakıda “Heydər Əliyev 100: Türkiyə Yüz İli” mövzusunda tədbir təşkil edilib. Tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə, eyni zamanda, qardaş Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi və Prezident Rəcəb Tayyib Ərdoğanın memarı olduğu “Türkiyə Yüz İli” vizyonuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan Yüzüncü İl Platforması (TAYİP) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Dövlət himnləri səsləndirildikdən sonra hər iki qardaş ölkənin inkişaf yolunu və sarsılmaz dostluğunu əks etdirən videoçarx nümayiş olunub.
Çıxış edən ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova deyib ki, Ulu Öndərin 100 illik yubileyinə ən böyük hədiyyə müstəqil Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasıdır. Deputat Ümummilli Liderin yubileyinin qardaş Türkiyədə də təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb.
“Biz sevincimizi də, kədərimizi də birlikdə bölüşürük. Bu, iki xalqın bir-birinə dərin köklərlə bağlı olduğunu göstərir. Azərbaycan və Türkiyə liderlərinin sarsılmaz dostluğu ölkələrimiz arasında əlaqələrin daha dərinləşməsinə rəvac verir”, - deyə Tamam Cəfərova vurğulayıb.
TAYİB sədri Elmin Sadıqov hər iki qardaş ölkənin mühüm tarixi hadisələrinin gənc nəslə və ictimaiyyətə çatdırılması, bu sahədə çoxsaylı tədbirlərin təşkil olunmasının əhəmiyyətini qeyd edib. Platformanın ötən bir ildə gördüyü işlərdən bəhs edən E.Sadıqov Azərbaycan-Türkiyə qardaşlığının gələcək nəslə ötürülməsinin vacibliyini vurğulayıb. O, Şimali Kipr Türk Cümhuriyyətinin də bu qardaşlıq sırasına qoşulduğunu qeyd edərək, bununla da müttəfiqliyimizin daha da möhkəmləndiyini deyib.
Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin müşaviri Ulaş Qığılcım, ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, tarix elmləri doktoru İbrahim Kazımbəyli, Milli Məclisin deputatı Musa Qasımlı və digərləri Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha da yüksəlməsində qardaş ölkələrimizin dövlət başçılarının müdrik və praqmatik addımlarının müstəsna rolunu vurğulayaraq, son illərdə əldə olunan uğurlardan danışıblar, ölkələrimiz arasında münasibətlərin bundan sonra daha da dərinləşəcəyinə əminliklərini ifadə ediblər.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Yüzüncü İl Platforması (TAYİP) qardaş Türkiyə parlamentinin çoxsaylı deputatları, müxtəlif qurum rəhbərləri, eyni zamanda, ali təhsil müəssisələrində fəaliyyət göstərən nüfuzlu elm adamlarının məsləhətləri və fəxri üzvlükləri əsasında yaradılıb. Platformanın qarşıya qoyduğu əsas məqsədlər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının və qardaş Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr ediləcək tədbirlərin təşkili xüsusi yer tutur.