CƏMİYYƏT
Bakıda III Robot Olimpiadasının açılışı olub
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Bakıda 8-19 yaşlı yeniyetmə və gənclər arasında III Robot Olimpiadasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, olimpiada “INNOFEST” çərçivəsində Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.
Olimpiada çərçivəsində yarışlar dörd kateqoriya üzrə təşkil olunacaq. Yekunda qalib komandalar noyabrın 8-10-da Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda təşkil edilən bu Olimpiadada 12 ölkə iştirak etsə də hazırda bu say 70-i ötüb.
Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.